Elektron Razılaşma
1. Ümumi məlumat
“Yüksəliş” müsabiqəsi (bundan sonra “Müsabiqə”) idarəetmə bacarığı və intellektual səviyyəsi yüksək olan perspektivli şəxslərin müəyyən edilməsi, onların inkişaf etdirilməsi, dəstəklənməsi və bununla da ölkədə kadr ehtiyatı bankının yaradılmasına kömək edən açıq müsabiqədir. Müsabiqənin rəsmi dili Azərbaycan dilidir. Müsabiqənin rəsmi internet səhifəsi www.yukselish.az səhifəsidir.
Qeydiyyat üçün namizədlərdən tələb olunan meyarlar:
- müsabiqənin qeydiyyat mərhələsi bitənədək 21–51 yaş arasında olması;
- ali təhsilli olması;
- Azərbaycan Respublikasının vətəndaşı olması;
- ən azı 2 il idarəetmə təcrübəsinin olması*.
* İdarəetmə təcrübəsi – mülkiyyət formasından asılı olmayaraq işlədiyi qurumda rəhbərlik mövqeyində praktiki təcrübəyə malik, bir və ya daha çox insanın, layihə qruplarının, resursların, podratçıların və s. idarə olunması nəzərdə tutulur.
2. Müsabiqədə qiymətləndirmə meyarları
Hər mərhələdə fərqli qiymətləndirmə mexanizmlərinin istifadəsi nəzərdə tutulur. Bütün mərhələlərdə istifadə olunacaq qiymətləndirilmə meyarları haqqında məlumat iştirakçıların şəxsi kabinetində imtahandan əvvəl yerləşdirilir.
3. Müsabiqənin mərhələləri və imtahanları
| Mərhələnin adı | Mərhələnin strukturu | |
|---|---|---|
| Test bloku | ||
| 1. | Qeydiyyat | - |
| 2. | Ümumi biliklər imtahanı |
|
| Profili tamamla turu | - | |
| 3. | Analitik təhlil imtahanı |
|
| 4. | İdarəetmə bacarıqları imtahanı |
|
| 5. | Yarımfinal | Kompetensiyalar modeli əsasında qiymətləndirmə konfransı |
| 6. | Final | İdarəçi rollar modeli əsasında qiymətləndirmə konfransı |
3.1. Qeydiyyat mərhələsi
Müsabiqə şərtlərinə cavab verən şəxslər Müsabiqədə iştirak etmək üçün www.yukselish.az səhifəsində onlayn qeydiyyat formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçməklə namizədlər Müsabiqənin şərtləri və qaydaları ilə tanış olduqlarını və razılaşdıqlarını qəbul edir, eləcə də qeyd olunan şəxsi məlumatların, sənədlərin düzgünlüyü və dəqiqliyinə cavabdehlik daşıyırlar. Müsabiqəni həyata keçirən “Yüksəliş” İctimai Birliyi Müsabiqənin istənilən mərhələsində iştirakçıların şəxsi məlumatlarını yoxlamaq, tələblərə cavab verməyən namizədləri müsabiqədən uzaqlaşdırmaq və əlavə məlumatın təqdim edilməsini istəmək hüququna malikdir.
3.2. Ümumi biliklər imtahanı
Qeydiyyat mərhələsini uğurla başa vuran bütün iştirakçılar “Ümumi biliklər imtahanı”nda iştirak etmək hüququ qazanırlar. “Ümumi biliklər imtahanı” Azərbaycan və dünya haqqında, İdarəetmənin əsasları, Müasir trendlər haqqında sual bloklarından ibarətdir.
“Ümumi biliklər imtahanı”nın test tapşırıqlarını yerinə yetirmək üçün bütün iştirakçılardan “Ümumi biliklər imtahanı”nın sınaq testindən keçmələri tövsiyə olunur. Sınaq testi iştirakçılara test və tapşırıq nümunələri ilə tanışlığa, testin texniki icrasının səviyyəsini yoxlamağa, mümkün çətinlik və problemləri öncədən müəyyənləşdirib, onları aradan qaldırmağa kömək edir. Sınaq testinin nəticələri namizədlərin müsabiqə nəticələrinə heç bir şəkildə təsir etmir və bu nəticələr namizədlərə təqdim olunmur.
Müsabiqə iştirakçıları “Ümumi biliklər imtahanı”nın test qiymətləndirməsindən keçmək üçün kompüterdən istifadə etməlidirlər. Testlərin cavablandırılmasının smartfon və ya daşına bilən digər kiçik elektron alətlərlə həyata keçirilməsinə icazə verilmir. Kəsintisiz internet bağlantısına və elektron avadanlığın texniki göstəricilərinə görə iştirakçılar şəxsən məsuliyyət daşıyırlar. Bu mərhələdə iştirak etməzdən öncə texniki göstəricilərə qoyulan tələblərlə tanış olmağınız tələb olunur.
Texniki göstəricilərə qoyulan tələblər:
Chrome, Firefox, Safari, Edge və Internet Explorer veb brauzerlərin son versiyalarından birinin istifadəsi tövsiyə olunur. Məlumat üçün bildirmək istərdik ki, Internet Explorer 10 və daha aşağı, Safari 11 və daha aşağı versiyalarda uyğunluq problemləri yaşana bilər.
Qeyd 1: Testə başlamazdan əvvəl internet bağlantısı və elektron avandanlığın işlək vəziyyətdə olduğunu yoxlamağınız tövsiyə olunur. Testin maneəsiz və rahat şəraitdə cavablandırılmasını iştirakçı əvvəlcədən özü təmin etməlidir.
Qeyd 2: Testə başlamazdan əvvəl internet bağlantısı və elektron avandanlığın işlək vəziyyətdə olduğunu yoxlamağınız tövsiyə olunur. Testin maneəsiz və rahat şəraitdə cavablandırılmasını iştirakçı əvvəlcədən özü təmin etməlidir.
“Ümumi biliklər imtahanı”ndan müvəffəqiyyətlə keçmiş namizədlər “Profili tamamla” turu müddətində şəxsi kabinetdə şəxsi məlumatları tamamlamalıdırlar.
3.3. Analitik təhlil imtahanı
“Ümumi biliklər imtahanı”ndan uğurla keçən və şəxsi kabinetə müvafiq formatda CV turunu tamamlayan namizədlər “Analitik təhlil imtahanı”nda iştirak etmək hüququ qazanırlar. “Analitik təhlil imtahanı”nın strukturuna Verbal təhlil, Rəqəmsal təhlil və Abstrakt təhlil sualları daxildir. Bu imtahanda iştirak etmək üçün iştirakçılar daha öncədən təyin olunan ünvana gələrək, əyani şəkildə iştirak edirlər. İmtahana qatılmaq üçün iştirakçılar qeyd olunan ünvana şəxsiyyəti təsdiq edən sənədlə gəlməlidirlər. Şəxsiyyət vəsiqəsini təqdim etməyən iştirakçılar imtahana buraxılmırlar.
3.4. İdarəetmə bacarıqları imtahanı
“Analitik təhlil imtahanı”ndan uğurla keçən iştirakçılar “İdarəetmə bacarıqları imtahanı”na buraxılır və bu imtahanda iştirakçıların idarəetmə potensialı situasiya mühakimə testləri (SMT) vasitəsi ilə yoxlanılır.
“Analitik təhlil imtahanı”nda olduğu kimi bu imtahanda da iştirak etmək üçün iştirakçılar daha öncədən təyin olunan ünvana gələrək, əyani şəkildə iştirak edirlər. İmtahana qatılmaq üçün iştirakçılar qeyd olunan ünvana şəxsiyyəti təsdiq edən sənədlə gəlməlidirlər. Şəxsiyyət vəsiqəsini təqdim etməyən iştirakçılar imtahana buraxılmırlar.
“İdarəetmə bacarıqları imtahanı”nda qiymətləndirmə Müsabiqə tərəfindən təyin olunan kompetensiyalar modeli üzərində aparıldığından cavabların izahı namizədlərə bildirilmir.
3.5. Yarımfinal mərhələsi
“İdarəetmə bacarıqları imtahanı”ndan uğurla keçən iştirakçılar yarımfinal mərhələsində iştirak etmək hüququ qazanırlar. Konfransda iştirakçılar bir neçə dəfə fərqli komandalara bölünür və qiymətləndirmə komandalara təqdim olunan keyslər çərçivəsində kompetensiyalar modeli üzərində peşəkar ekspertlər tərəfindən aparılır.
3.6. Final mərhələsi
Yarımfinal mərhələsindən uğurla keçən iştirakçılar final mərhələsinə vəsiqə qazanırlar. Final mərhələsində iştirakçılar ilk növbədə esse yazmalı və şəxsi kabinetdə yerləşdirməlidirlər. Konfransda iştirakçılar bir neçə dəfə fərqli komandalara bölünür və qiymətləndirmə komandalara təqdim olunan keyslər çərçivəsində idarəçi rollar modeli üzərində peşəkar ekspertlər tərəfindən aparılır. Bu mərhələdə iştirakçılar İdarəçi rəhbərlərlə görüşəcək, onlarla birgə işgüzar müzakirələr (Mentor keysi) təşkil ediləcək. Qaliblər müsabiqə bitdikdən sonra İdarəçi rəhbərlərlə fərdi inkişaf proqramı çərçivəsində birbaşa işləmək imkanı əldə edəcəklər.
4. Qaliblərin mükafatlandırılması
Müsabiqənin yekunlarına əsasən, qalib elan edilmiş iştirakçılara pul mükafatı (maddi yardım) təqdim olunur. Qaliblər İdarəçi rəhbərlərin iştirakı ilə mentorluq proqramına qoşulmaq imkanı qazanırlar. Qaliblərin adları kadr ehtiyatı bankına daxil edilir.
5. Əlavə
Hər imtahandan/tapşırıqdan öncə iştirakçıların şəxsi kabinetlərində müvafiq təlimat yerləşdirilir. Bütün iştirakçılara imtahan təlimatları ilə yaxından tanış olmaq tövsiyə olunur.
Qeyd: Bu elektron razılaşmanı qəbul edən namizəd eyni zamanda www.yukselish.az saytında yerləşdirilmiş müsabiqənin keçirilmə və apellyasiya qaydalarını da təsdiq etmiş olur.
Qeyd: “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsi müsabiqə müddətində qaydalarda dəyişiklik etmək hüququnu öz üzərində saxlayır.